“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir
12 iyun 2026-cı il tarixində Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzində (Əmircan qəsəbəsi 6-cı Əmircan küçəsi 2-ci döngə 16 ünvanında yerləşən ƏPT) “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Arzu Quliyeva tədbir iştirakçılarını salamlayıb, bayram münasibəti ilə təbrik etdikdən sonra geniş nitq söylədi. A.Quliyeva qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Daha sonra Eldar Rüstəmov “15 iyun – Milli Qurtuluş günü”nün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıb. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.
Sonda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qeyd etmişdir ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.