Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulmuş xarici siyasət kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Pərvin Rəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının metodisti 

Düşünün, Azərbaycana fəda edilən şərəfli bir ömür.  Bir şəxsiyyət düşünün ki, qəlbi sadəcə vətən üçün çarpan. O, şəxsiyyət ki,  millətinin ağır taleyini dəyişib.  Bir qəhrəman düşünün onu anlamağa kəlmələr yetmir. Bir məhəbbət düşünün ki, xalqın məhəbbətini qazanıb, xalqının qəlbində əbədiləşib.  Bir memar düşünün ki, müstəqilliyimizin memarıdır. Liderliyi ilə Azərbaycanın nəinki daxili siyasətində, eyni zamanda xarici siyasətində də inkişafına imza atan dahi şəxsiyyət Heydər Əliyevi düşünün.

Tarix yazan və tarixə yazılan dahi şəxsiyyət bir siyasət nəhəngi idi. Bugünkü dünya miqyasında olan nüfuzumuzu Ulu Öndər Heydər Əliyevə borcluyuq. 1990 - cı illərin əvvəllərində Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun reallaşdırılmasını dahi şəxsiyyət Heydər Əliyev öz üzərinə götürdü. Bugün qazandığımız uğurların əsasında Heydər Əliyevin xarici siyasət kursunun əsas istiqamətləri dayanır.

Ulu Öndərin hakimiyyəti dövründə xarici dövlətlərlə münasibətlər dövlətimizin inkişafına hər bir sahədə müsbət təsir göstərmişdir. Ölkəmizin mənafeyini qorumaq istiqamətində hərtərəfli ölçülüb - biçilən addımlar atılmasının vacib olduğunu hər zaman vurğulayan Ulu Öndərimiz milli maraqlara söykənən çoxvektorlu xarici siyasət kursunun nəticəsidir ki, qonşu dövlətlərlə münasibətlərimiz kifayət qədər inkişaf etdirilib. Ulu öndərin hakimiyyəti illərində ilk olaraq Müstəqil Dövlətlər Birliyinə daxil olmaqla xarici əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. MDB-ə daxil olmaqla Azərbaycan bir çox bizə qarşı sərt mövqedə olan yaxın qonşularımızı da neytrallaşdıra və bizə yaxınlaşdıra bildi.

Bugün artıq öz həllini tapmış keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Ulu Öndərimiz Heydər Əliyev səyləri danılmazdır. Beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması Ullu Öndərin Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazandığı mühüm diplomatik nailiyyətlərdəndir. Bütövlükdə bugün Azərbaycanın yeritdiyi xarici siyasət ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır.

Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, eyni zamanda Azərbaycanın on illər, hətta əsrlər sonra inkişafını müəyyənləşdirən, yolunu aydınladan liderdir! Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Müasir Azərbaycanın xarici siyasətdə qazandığı uğurları Heydər Əliyevin həyat amalının təntənəsidir. Xarici siyasətdəki uğurlarımızın əsasını varisliklə-yenilik arasındakı tarazlıq təşkil edir.