Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub

Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub

Südabə Yaqubova 

Suraxanı Tibb Mərkəzinin direktor müavini

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər zamanı ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. Eyni zamanda ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Bildirilib ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Hər iki ölkənin dövlət başçıları arasında müntəzəm görüşlər təşkil olunur.

Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Bu gün Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər.

Azərbaycan Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.

Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər. Bu gün Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub.

Bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan çağdaş dövrdə bütün bəşəriyyəti narahat edən problemlərin və çağırışların mühüm müzakirə platforması olan Davos İqtisadi Forumu ilə əməkdaşlığını bundan sonra da uğurla davam etdirəcəkdir.