Zərifə xanım Əliyevanın yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir
Vidadi Bayramov
YAP Surxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 42 nömrəli şəhər poliklinikasının baş həkimi
Görkəmli ictimai və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.
Akademik Zərifə xanım Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, bütöv Azərbaycanın ərazi bütövlüyünü bərpa edən görkəmli dövlət xadimi Ali baş komandan Cənab İlham Əliyevin anasıdır.
Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.
Akademik Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Akademik Zərifə xanım Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında bənzəri olmayan nadir tədqiqatlar sırasındadır. Böyük alim uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır.
O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi əhəmiyyət vermişdir.
Son olaraq Akademik Zərifə xanım Əliyeva haqqında nə demək olar? Akademik Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu.