Naida Cəlilova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub. Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdır. Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Məhz bu xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyev kimi unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün həm xoşbəxtlik, həm də böyük məsuliyyət idi.Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun,xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi.
Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Zərifə xanım Əliyeva daim xalqın qəlbində yaşayacaq və hörmətlə anılacaqdır. 15 aprel görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür. Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir.