Zərifə xanım Əliyevanın fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir

Zərifə xanım Əliyevanın fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir
Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin sədri

Bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli və eyni zamanda ən yüksək insani dəyərlərə malik həkim, nəinki Azərbaycan qadınlarına, bütün dünya qadınlarına nümunə ola biləcək nurlu sima, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizə müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana Zərifə xanım Əliyevanın bu il 100 yaşı tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir.

Zərifə Əliyeva, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyə sahələri inkişaf etdiyi halda Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilib.

Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

Zərifə Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Zərifə Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. Zərifə xanım Əliyevanın fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir.

Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.