Zəngilan Azərbaycanın qədim, zəngin və füsunkar guşələrindən biridir

Zəngilan Azərbaycanın qədim, zəngin və füsunkar guşələrindən biridir

İlahə Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu "Tumurcuq" körpələr evi- uşaq bağçasının tərbiyəçi müəllimi

Ölkəmizin cənub-qərbində yerləşən bu rayon öz bənzərsiz təbiəti, sıx meşələri, coşqun çayları və qədim tarixi ilə hər zaman seçilmişdir. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, bu əsarət əbədi olmadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və şanlı Zəfər salnaməsi kimi yazıldı. Həmin il oktyabrın 20-də rəşadətli Azərbaycan ordusu Zəngilan şəhərini düşmən tapdağından azad etdi.

Tarixi hadisə xalqımızın sarsılmaz birliyini, ordumuzun rəşadətini və sonsuz Vətən sevgisini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə Zəngilan Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu müqəddəs yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı və şəfa diləyirik. Yaşasın Azərbaycan!

Tarixi-memarlıq abidələri xalqımızın keçmişini, zəngin mədəniyyətini və memarlıq sənətini gələcək nəsillərə ötürən ən qiymətli irsimizdir. Qədim tarixi köklərə malik olan Zəngilan rayonunun Hacallı kəndində yerləşən XIX əsrə aid tarixi körpü də bu irsin ayrılmaz bir parçasıdır.

Bu körpü keçmiş dövrlərdə insanların gediş-gəlişini təmin etməklə yanaşı, mühüm ticarət yollarının və yaşayış məntəqələrinin əlaqələndirilməsində mühüm strateji rol oynamışdır. Körpünün əsas tarixi əhəmiyyəti onun dövrünün inşaat texnikasını və memarlıq ənənələrini özündə yaşatmasıdır. Bu növ abidələr xalqımızın quruculuq bacarığının, yaradıcı zəhmətinin və tarixi yaddasının bariz nümunəsidir.

Milli-mədəni irsimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin vətəndaşlıq borcudur. Biz böyüməkdə olan uşaqlara milli dəyərlərimizə hörmət etməyi, Vətənimizin şanlı tarixini öyrənməyi və tarixi abidələrimizi göz bəbəyi kimi qorumağı aşılamalıyıq.

Nəticə etibarilə, Hacallı kəndindəki XIX əsrə aid körpü Zəngilanın zəngin memarlıq xəzinəsinin ən dəyərli incilərindən biridir. Bu unikal irsi dərindən tanımaq, qorumaq və beynəlxalq səviyyədə təbliğ etmək hər bir azərbaycanlının mənəvi vəzifəsidir.

Paylaş