Zəfərimizin üçüncü ili Xankəndi şəhərində qeyd olundu

Zəfərimizin üçüncü ili Xankəndi şəhərində qeyd olundu
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsinin Qazisi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
27 sentyabr illər ötsə də o günü unutmaram. 2002-ci ildən Şanlı Azərbaycan Ordusunun formasını geyindiyim gündən Vətənimə xalqıma xidmətdə olmuşam. Xidmətə başladığımdan 27 Sentyabradək Vətənin ən ucqar nöqtələrində öndə düşmənlə üzbəüz xidmət etmişəm. Mexanikiləşdirilmiş hərbi hissənin taborunda minaatan batareya komandiri olduğum hərbi birləşmə döyüşlər başladığı gün Füzuli, Beyləqan istiqamətində hərəkətə keçdi. Biz döyüşə yaralı olmağa da şəhid olmağa da hazır olaraq girdik. Ən əsası düşməni məhv etmək və illərlə həsrətində qaldığımız hər bir qarış torpağımızı düşmən tapdağından qurtarmaq üçün əzmlə, iradəylə var gücümüzlə irəlilədik. Hər zaman arzum olub Vətən üçün, Xalqım üçün, Dövlətim üçün əlimnən nə gəlirsə etmək. Allah istəyimə çatdırdı. İllərlə "niyə axı" suallarıyla boğulmaqdan qurtuldum. Bir insan nə qədər Xocalı, Füzuli, Şuşa və digər işğal olunmuş torpaqların qisasını almırıq deyə düşünər? Və budur döyüşlərin ilk günündə yaralı zabit yoldaşımı xilas etməyə çalışırkən ağır yaralandım. O anda ağlımdan keçənlər təkcə yarım qalmış bədənim deyildi. Yarım qalmış Vətənə borcum idi. Ümidimi itirmədim çünkü Azərbaycan Ordusunun nə qədər güclü olduğunu çox gözəl bilirdim. Rəşadətli Azərbaycanın Əsgər və Zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman Əsgər və Zabitlərimizin, Şəhidlərimizin qanı və canı bahasına azad edildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. 8 Noyabr xalqımızın çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan şanlı gündür. Bu il Noyabr ayının 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
Paradı izlədikcə kövrəlməmək əldə deyildi. Sanki içimdən bir səs Azərbaycan ordusu ayağınızı torpağa bərk vurun ayağınızın səsi gücünüz kimi dünyada eşidilsin deyirdi. Qoy torpaq da, yağı düşmən də hiss etsin bilsinki biz artıq Xankəndindəyik. Yaşasın Azərbaycan Ordusu Yaşasın Müzəffər Ali Baş Komandan.