"Yaşıl Enerji Koridoru" enerji strategiyasının şah əsəridir
Könül Süleymanlı
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Bu gün Azərbaycanın ixrac coğrafiyası Almaniyadan Suriyaya, Balkanlardan İtaliyaya qədər genişlənirsə, bu o deməkdir ki, Bakı artıq qlobal enerji təhlükəsizliyinin mərkəzi qərargahlarından biridir. Azərbaycanın qlobal qaz təchizatında liderliyi təsadüfi bir uğur deyil. Bu, on illərlə davam edən sabit siyasətin, nəhəng infrastruktur layihələrinin və çevik diplomatik gedişlərin məntiqi nəticəsidir.
Avropanın enerji nəhənglərinin Azərbaycan qazına üstünlük verməsi, ölkəmizin hasilat və nəql potensialına olan beynəlxalq etimadın ən yüksək zirvəsidir. Hazırda Avropa İttifaqının 12 üzvü o cümlədən İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya, Xorvatiya və s. Azərbaycan qazından birbaşa asılıdır. Məsələn, Bolqarıstanın illik qaz tələbatının 55-60 faizini məhz Azərbaycan təmin edir. Bu, Azərbaycanın Avropa üçün artıq alternativ deyil, ekzistensial bir tərəfdaş olduğunun sübutudur.
Azərbaycanın enerji strategiyası yalnız hasilatla məhdudlaşmır. Dövlət Neft Şirkəti SOCAR hazırda beynəlxalq bazarlarda aktiv investor kimi çıxış edir. Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə edilməsi, Serbiya ilə 500 meqavatlıq stansiyanın inşası barədə saziş, İtaliya və Türkiyədəki neftayırma zavodları illik toplam 22 milyon ton emal gücü Azərbaycanın xarici bazarlardakı dayaqlarını möhkəmləndirir. Bu, Azərbaycanın xarici ölkələrin daxili bazarında həm istehsalçı, həm də paylayıcı kimi çıxış etməsinə imkan verir.
Xəzər dənizindən Qara dənizin dibi ilə Avropaya uzanacaq 1155 km-lik "Yaşıl Enerji Koridoru" enerji strategiyasının şah əsəridir. Bu layihə təkcə elektrik enerjisi daşımayacaq, həm də Azərbaycanın daxili qaz istehlakını bərpaolunan enerji ilə əvəzləməyə şərait yaradacaq ki, bu da ixrac üçün əlavə qaz həcmlərinin sərbəstləşməsi deməkdir.
Azərbaycan "Yaşıl Enerji" keçidini qaz ixracı ilə rəqabət yox, sinerji daxilində görür. 2032-ci ilə qədər 6-8 giqavatlıq bərpaolunan enerji potensialının yaradılması planı ölkəmizi həm də təmiz enerji ixracatçısına çevirəcək.