YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazilərinə baş çəkmişlər
01 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müalicə alan bir qrup Vətən Müharibəsi qazisi ilə görüşmüş, onların müalicələri ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri ilə həmsöhbət olan Vətən Müharibəsi qaziləri Məhəmməd Fətullayev, Şiraz Cəfərli, Oruc Salmanov və digərləri onlara göstərilən qayğıdan razı olduqlarını bildirmişlər. Dövlətin şəhid ailələrinə və qazilərə yaratdığı şəraitdən bəhs edən Məhəmməd Fətullayev yaxın günlərdə 3 otaqlı ev ilə təmin olunduğunu deyərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir. Digər qazilər də müalicələrinin yüksək səviyyədə aparıldığını xüsusi vurğulamışlar. Mərkəzin direktoru Şahin Qurbanov bildirmişdir ki, hörmətli Mehriban xanımın tapşırığı ilə yuxarı və aşağı ətraflar üçün protezlər Avropanın bir sıra ölkələrində hazırlanır. Mərkəzin direktoru qazilərin özlərini rahat hiss etmələri və yenidən cəmiyyətə adaptasiya olmaları üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Ziyarət əsnasında Vətən Müharibəsi qazilərinin sosial durumu, onların müalicələrinin gedişi ilə yaxından tanış olan Vüqar Seyidov qazilərə göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə edərək Bakı Reabilitasiya Mərkəzinin direktoru Şahin Qurbanova və mərkəzin bütün kollektivinə öz minnətdarlığını bildirmişdir. YAP Suraxanı rayon təşkilatının sədri bildirdi ki, Vətən Müharibəsindən sonra istər şəhid ailələri ilə, istərsə də qazilərlə sistematik iş qurulmuşdur. Hər bir edilən müraciətin dəyərləndirildiyini ifadə edən təşkilat sədri qazilərin fiziki, psixoloji, mənəvi və sosial bərpası üçün istənilən köməyə hazır olduqlarını ifadə etdi. Vüqar Seyidov ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqəyə olan münasibətlərinin hər bir vətəndaş üçün etalon olduğunu vurğuladı.