YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid İsmayılzadə Məhəmmədin doğum günündə ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid İsmayılzadə Məhəmmədin doğum günündə ailəsini ziyarət etmişlər

9 iyun Vətən Müharibəsi şəhidi əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlunun doğum günüdür. Şəhidimizin mövludunun 26-cı ilinin tamam olması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, “Mirvari Dilbazi” Poeziya Mərkəzinin sədri Güllü Tomarlı və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Öncə tədbir iştirakçıları tərəfindən Məhəmməd İsmayılzadənin Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış massivində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahının üzərinə tər güllər düzülmüş, dualar oxunmuş və  Şəhidin Zığ qəsəbəsindəki bulaq xatirə kompleksi ziyarət olunmuşdur.

Vətən Müharibəsi şəhidi, əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlunun məzunu olduğu Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə şagird-müəllim kollektivinin iştirakı ilə ədəbi-bədii hissə nümayiş olunmuşdur. Daha sonra Şəhidin ad günü münasibəti ilə “Turan” mərasim evində ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, şəhid əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.