YAP Suraxanı rayon təşkilatının “Ballı” Marketlər Şəbəkəsində ərazi partiya təşkilatı yaradıldı

YAP Suraxanı rayon təşkilatının “Ballı” Marketlər Şəbəkəsində ərazi partiya təşkilatı yaradıldı

“Ballı” Marketlər Şəbəkəsində fəaliyyət göstərən əməkdaşların şəxsi ərizələr vasitəsi ilə müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi 21 ünvanında ərazi partiya təşkilatının yaradılması haqqında müvafiq əmr imzalamışdır. Müvafiq əmrə əsasən 14 noyabr 2021-ci il tarixdə Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndələrinin iştirakı ilə seçki yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan “Ballı” Marketlər Şəbəkəsinin sahibi, iş adamı Əsədov Elman Baləli oğlu qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. Biznesin inkişafı və sağlam rəqabət mühitinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müstəsnadır. 1993-cü ildə YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir ki, bu gün iqtisadiyyatımız müstəqil inkişaf edir.  Elman Əsədov xüsusi qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsində oynadığı rol partiyanın nüfuzunun da artmasına səbəb olmuşdur.  O qeyd etmişdir ki, “Ballı” Marketlər Şəbəkəsinin əməkdaşları arasında çoxlu sayda YAP üzvü fəaliyyət göstərməkdədir. Eyni zamanda da partiya üzvü olmayan lakin onun siyasətini dəstəkləyən əməkdaşlar mövcuddur. Bu səbəbdən edilmiş fərdi müraciətləri nəzərə alaraq YAP Suraxanı rayon təşkilatının nəznində Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılmasını xahiş ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Elman Əsədov Vüqar Seyidova öz dərin  minnətdarlığının çatdırılmasını xahiş etmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov “Ballı” Marketlər Şəbəkəsində fəaliyyət göstərən əməkdaşların hər birinə bu cür mütərrəqi təşəbbüslə çıxış etdikləri üçün öz dərin minnətdarlığını bildirdi. Salman Əbdülov tədbir iştirakçıları qarşısına ölkədə baş verən hadisələr və ictimai-siyasi durum haqqında geniş informasiya xarakterli çıxış etmişdir. Ölkənin sürətli inkişafında, torpaqlarımızın azad olunmasında YAP-ın xidmətlərinin ölçüyə gəlməz olduğunu vurğulayan Salman Ədülov qeyd etdi ki,  ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında vətəndaşların bundan sonra da sıx birləşməsi dövlətimizin inkişafına səbəb olacaqdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev YAP sıralarına daxil olan vətəndaşları salamlayaraq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin mənəvi mühafizəçisi və cəmiyyətimizin sosial müdafiəçisi olan doğma partiyaya üzv olmaq həm qürur, həm də böyük məsuliyyətdir. Üzv olan hər kəsə uğurlar arzulayan YAP Suraxanı rayon təşkilatının nümayəndəsi xüsusi qeyd etmişdir ki, gənclərin YAP sıralarına könüllü qoşulmaq arzusu ölkəmizin nurlu sabahından xəbər verir. Ənvər Haqverdiyev hər bir vətəndaşın ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini vurğulamışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Kazımov Rəşad Sanel oğlu,  sədr müavini Muradova Xədicə Qurban qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatına gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişlər, ƏPT-nin fəaliyyətində uğurlar diləmişlər.