YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Quliyev Rəşadın şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Quliyev Rəşadın şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

7 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun II Fəxri Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri  Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi Quliyev Rəşadın ailəsinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edərək, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.