Xocalı Memorial Kompleksi xalqımızın vahid idealının təcəssümüdür

Xocalı Memorial Kompleksi xalqımızın vahid idealının təcəssümüdür

Ənvər Haqverdiyev 

YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi

26 fevral 2026-cı il tarixdə – Xocalı soyqırımının 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən açılışı böyük tarixi hadisə və uzun illər susan dünya birliyinə tutarlı ismarıcdır. Biz bir daha elan edirik ki, ölkəmiz 1992-ci ildəki Azərbaycan deyil. İndi dövlətimiz özünü müdafiə etməyə tam qadir, regionda sülhün təminatçısı olan güclü aktordur. Biz müharibəni ədalətli şəkildə, mənəvi dəyərlərə hörmət və beynəlxalq qaydalar çərçivəsində apardıq, mülki əhaliyə toxunmadıq. Bu amillər xalqımızın nüfuzunu daha da artırdı.

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Hər birimizin ruhunda bu faciə silinməz, dərin izlər qoymuşdur. Bu, yalnız Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Prezident İlham Əliyevin Xocalıda ucaldılan Memorial Kompleksin açılışındakı tarixi çıxışı yalnız Xocalı hadisələrinə deyil, ümumilikdə erməni separatizminə həm mənəvi, həm də siyasi-hüquqi prizmadan ümumiləşdirilmiş cavab idi. Bu abidə kədəri, faciəni, qan yaddaşını əks etdirməklə yanaşı, Şanlı Zəfərin təntənəsini də tərənnüm edir.

Məhz Xocalıda tikilən Memorial Kompleksi bizə daim bir həqiqəti xatırladacaq: biz tariximizi unutmamalı, ayıq-sayıq olmalı və hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın. Ayıq-sayıqlıq həm şəhidlərimizin ruhuna hörmət, həm də gələcək nəsillərin sağlam və təhlükəsiz yaşayışının təminatıdır. Bu məqamı dövlət başçısı da dəfələrlə öz çıxışlarında vurğulamışdır.

Xocalıda Memorial Kompleksi xalqımızın vahid idealının təcəssümüdür. Hər bir azərbaycanlı məhz Ağdam yolunun üstündə, Kətik meşəsinin girişində Memorial Kompleksin inşa olunmasının xəyalını qurmuşdur. Bu abidənin Xocalıda ucaldılması xüsusi rəmzi məna daşıyır. Dəfələrlə onun Bakıda tikilməsi təklif olunsa da, sanki İlahi bir qüvvə buna imkan vermirdi. Prezident cənab İlham Əliyev səmimiyyətlə qeyd etmişdir ki, bu layihə hələ çoxdan hazır idi və Bakıda onun üçün yer də seçilmişdi. Lakin dövlət başçısının daxili inamı onu bu qərarı verməkdən çəkindirirdi. Həmin daxili inamı yaradan isə sanki İlahi qüvvə idi. Bu qüvvə israrla pıçıldayırdı ki, bir gün gələcək və bu abidə məhz faciənin baş verdiyi torpaqda – Xocalıda ucaldılacaqdır.

Azərbaycan tək mübarizə apardı. Həm sülh danışıqları dövründə məğrur dayandı, həm də müharibəni təkbaşına apardı. Müdrik xalqımız ədaləti heç kimdən, hətta bu işlə məşğul olmalı olan beynəlxalq qurumlardan gözləməyərək, onu öz gücü və dəmir iradəsi ilə təmin etdi.

İşğal dövründə Azərbaycan rəhbərliyinə, konkret olaraq Prezident cənab İlham Əliyevə böyük təzyiqlər olmuşdur. Daim reallıqla barışmaq siqnalları göndərilsə də, Prezident İlham Əliyev bu təzyiqlərə nə işğal dövründə, nə də müharibənin gedişində boyun əyməmiş və hərbi yolla ərazi bütövlüyünün bərpa olunacağını bəyan etmişdir. Çünki Prezident düşmən tapdağı altında inildəyən Xocalı qurbanlarının ruhları qarşısında xalq olaraq cavabdeh olduğumuzu hamıdan yaxşı anlayırdı.

Ədalət sonda hər zaman qələbə çalır. Azğın, əli məsum azərbaycanlıların qanına batmış müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması qisasın qiyamətə qalmadığını bir daha sübut etdi. Xocalı soyqırımını törətmiş bir qrup müharibə canisi və quldur bu gün Bakıda məhkəmə qarşısında cavab verir. Biz bu canilərdən fərqli olaraq əsl Azərbaycan milli-mənəvi dəyərlərinə uyğun davrandıq. Belə ki, müharibə cinayətkarlarının bir hissəsi döyüş meydanında zərərsizləşdirildi, bəzi separatçı rəhbərlər isə saxlanılaraq ədalətlə mühakimə olundu.

Dünyada nadir hallarda rast gəlinən haldır ki, mütləq qələbə çalasan, torpağı azad edəsən və eyni zamanda sülhü, əməkdaşlığı təbliğ edəsən. Bu, Qələbənin və Şanlı Zəfərin Azərbaycan düsturudur.