Xalq-ordu birliyi ölkəmizin hərbi qüdrətini artırır
Şəlalə Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281nömrəli tam orta məktəbin müəllimi
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əsas xidmətlərindən biri də bugünkü güclü ordumuzdur. Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər illər keçsə də, öz əhəmiyyətini itirmədi, əksinə bu xidmətlər ordumuzun hazırki möhkəmliyinin təməli oldu, onu daha da inkişaf etdirib yüksək səviyyəyə çatdırdı. Bugünkü güclü ordumuzun təməli lap əvvəlki illərə dayanır. Tarix boyu ordumuzun lazımi gücə çatması üçün çox səy göstərilib, əmək verilib.
Keçmiş tariximizə bir nəzər salsaq 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.
1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013- cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi münasibətilə hərbi parad keçirilib . Bu il isə Silahlı Qüvvələr gününün yaranmasından 104 il ötür. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən - ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənib. Əsası Ulu Öndər tərəfindən möhkəm qoyulmuş dərin siyasət, cənab Prezidentim İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
Keçmişi qələbələrlə zəngin olan, amma xalqı illərdir Qarabağ həsrəti ilə çırpınan Azərbaycanda artıq Silahlı Qüvvələrin yaradılması günü böyük Zəfərlə qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində çoxdan gözlənilən qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü.
Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xalqımızın vətənpərvər oğulları və qızları bu yolda fədakarlıq göstərib qəhrəman, qazi və şəhid oldular. Bir amal uğrunda birləşən xalqımız heç çəkinmədən həm ön həm də arxa cəbhədə öz səylərini göstərdilər, son ana qədər geri çəkilmədilər ,əzmkarlıqla irəliyə doğru getdilər.
Beləliklə, bünövrəsi qoyulmuş bu milli mübarizəmiz sonunda möhtəşəm qələbə ilə başa çatdı. Bir tərəfdə təməli möhkəm qoyulmuş güclü və sarsılmaz ordumuz, bir tərəfdən də çoxdan bu qələbəni gözləyən Azərbaycan xalqı. Hər kəs bir olub, bir yumruq altında birləşib əbədi və şanlı bir tarix yazdı. ”Şuşa Qarabağın ürəyidir”. Bu sözlər əbəs yerə deyilməyib. Məhz Şuşanın azad olunması ilə şanlı ordumuz Vətən müharibəsində öz qalibiyyətini təsdiqlədi və bütün dünyaya bəyan etdi. Ali baş komandan cənab İlham Əliyev və onun komandanlıq etdiyi müzəffər ordumuz Ulu Öndərin Şuşanın və Qarabağın digər ərazilərinin azad olunması ilə bağlı etdiyi vəsiyyəti də yerinə yetirmiş oldu