Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı cəsarətli mövqeyi
Yeganə Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 saylı tam orta məktəbin müəllimi
Ulu Öndər Heydər Əliyev: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” Bəli öz ana dilimizi sevməliyik, qorumalıyıq. Bununla belə dilimizi gözəl, dəqiq, səlis ifadə etməklə digər xalqın nümayəndələrinə sevdirməliyik. Dilimiz milli sərvətimizdir.
Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Sovet dönəmində Azərbaycan dilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub. Nəhayət, ən əsası, Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”
Ulu Öndər Heydər Əliyev: “Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdırUlu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir;
2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamand, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.
Ulu Öndər Heydər Əliyev: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik". Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür.Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur". Ulu Öndər Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər Heydər Əliyev: “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”
Bütün sahələrdə Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmlı nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində işləkliyini gerçəkləşdirmişdir.Bu baxımdan ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə olan dövlət qayğısının növbəti nümunəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün apardığı uğurlu dil siyasəti ulu öndərimizin vaxtilə söylədiyi bu dahiyanə mülahizələrdən qaynaqlanır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti ilə baglıdır. Ölkə Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.