Uğurlu səfər – yeni layihələr

Uğurlu səfər – yeni layihələr

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi

Azərbaycan-Vyetnam arasında münasibətlərin inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur. Hələ Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsi məqsədi ilə 1981-ci ildə Sovet-Vyetnam birgə müəssisəsi yaradılır. 1983-сi ildə Ulu Öndərin başçılıq etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Bu səfər Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəksəviyyəli xarici dövlət rəsmisi idi. Belə bir məqamda Ulu Öndərin bu ölkəyə səfəri təkcə keçmiş SSRİ ilə yox, həmçinin Azərbaycanla da Vyetnam xalqının isti münasibətlərinin formalaşmasında mühüm rol oynamışdır. Ölkəmizin Prezidenti cənab İlham Əliyev də Vyetnamla əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Belə ki, 2014-cü ildə cənab Prezidentin geniş tərkibdə Vyetnama rəsmi səfəri müasir Azərbaycanın Veytnamla münasibətlərə verdiyi önəmin bariz nümunəsidir.

Həmçinin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri öncəsi Prezident İlham Əliyevin Vyetnamın “Vietnam News Agency” agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlər də təsdiq edir ki, Azərbaycan Veytnamla əlaqələrin inkişafında maraqlıdır. Cənab Prezident müsahibəsi zamanı ölkələrimizin tarixi keçmişə dayanan dostluğuna diqqət çəkərək qeyd edib ki, “1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb”. 

Ölkə başçısı xatırladıb ki, “Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.

Ölkələrimiz arasında mədəni əlaqələrdən söz düşmüşkən qeyd etmək istərdim ki, onlar müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi”. Cənab İlham Əliyev qeyd edib ki, “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq. Cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq.

Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək”. 

Cənab Prezident bildirib ki, “Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir.  Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Ho Şi Minin Bakıya səfərini əslində Vyetnamın neft-qaz sənayesinin başlanğıcı da adlandırmaq olar.