Ümummilli Lider Heydər Əliyev bütün dövrlərin ən nüfuzlu siyasətçiləri ilə bir sıradadır

Ümummilli Lider Heydər Əliyev bütün dövrlərin ən nüfuzlu siyasətçiləri ilə bir sıradadır

Sənan Əliyev

23 saylı şəhər poliklinikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın  sədri

Heydər Əliyev Azərbaycan xalqını müstəqilliyə qovuşdurmuş, zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlara səbəb isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə özünün idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. 

1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuşdur.3 oktyabr 1993-cü ildə Ulu Öndərin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edib. Xilaskarlıq missiyası inkişaf və tərəqqiylə əvəz olundu. Hər sahədə islahatlar aparıldı.

 

Prezidentlik dövrü çox məhsuldar oldu. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına imkan yaratmışdır.

Ümummilli Lider Heydər Əliyev bütün dövrlərin ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 2023-cü il mayın 10-da anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Ümummilli Liderimizin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Sərəncam Ulu Öndərimizə dərin hörmət və məhəbbətin ifadəsi olmaqla, onun zəngin dövlətçilik irsinə, şəxsiyyətinə verilən mühüm töhfə kimidə, qiymətləndirilə bilər. Bu sərəncam Azərbaycan xalqının qəlbinin səsinin, sözünün ifadəsidir.