Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Qaz təchizatından söz açan ölkə başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq deyə ölkə Başçısı vurğuladı.
Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunur. Bunun da yeganə səbəbi son 21 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada mühüm məqamlara toxunan Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə böyük məsuliyyət və sadiqlik nümayiş etdirir.