Üç Qardaş Ölkənin Birliyi Yeni Zirvədə

Üç Qardaş Ölkənin Birliyi Yeni Zirvədə

Emil Yusifov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

İşğaldan azad edilmiş Laçın şəhərində keçirilmiş ikinci üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının növbəti parlaq təzahürü kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, bu üç dövlət yalnız ortaq maraqlarla deyil, eyni zamanda ortaq tarixi, dəyərləri və gələcəyə dair baxışları paylaşır. Zirvə görüşündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştirakı, bu ölkələrin Azərbaycanla həmrəyliyinin və dəstəyinin yüksək səviyyədə olduğunu göstərdi.
Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, Azərbaycan, Türkiyə və Pakistan bütün dövrlərdə – həm yaxşı günlərdə, həm də çətin məqamlarda bir-birinin yanında olub, sarsılmaz həmrəylik nümayiş etdiriblər. Məhz bu mənəvi və siyasi yaxınlıq, üç ölkə arasında formalaşmış möhkəm əməkdaşlıq platformasını gündən-günə genişləndirir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Laçında, Şərqi Zəngəzurda baş tutan mərasim və Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin real və praktiki təsdiqidir.
Zirvə görüşündə regional sabitlik, iqtisadi əməkdaşlığın inkişafı, müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən humanitar sahədə əməkdaşlıq kimi vacib istiqamətlər ətrafında geniş müzakirələr aparılıb. Bu görüş, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin beynəlxalq dəstəyə malik olduğunu da bir daha nümayiş etdirdi.
Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər artıq sadəcə diplomatik əlaqələr deyil, eyni strateji vizyona malik üç müttəfiqin ortaq gələcəyə doğru birgə addımlamasının bariz nümunəsidir. Mədəniyyət, iqtisadiyyat, hərbi əməkdaşlıq, təhsil və digər sahələrdə bu üç ölkənin inteqrasiyası regionda sülhün və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.
Sonda qeyd edək ki, Laçında keçirilmiş üçtərəfli Zirvə görüşü tarixdə təkcə diplomatik hadisə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda yeni geosiyasi reallıqların formalaşmasında mühüm addım kimi qalacaq. Azərbaycan, Türkiyə və Pakistan birliyi gələcəyin sabit və güclü Avrasiya məkanının əsas dayaqlarından biri olmağa doğru irəliləyir.