Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir

Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir
Gülşən Fazilova 
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin müəllimi
Cənab Prezident İlham Əliyevin 20 oktyabr 2022-ci ildə baş tutmuş Cəbrayıl və Zəngilana səfəri iki aspektdən xüsusi diqqətə layiqdir. Əvvəla, cənab Prezident aparılan işlərlə yerindəcə tanış olur və tapşırıqları praktik olaraq verir. Oktyabr ayı Cəbrayılın, Zəngilanın işğaldan azad olunduğu aydır. Bu, həm də rəmzi məna daşıyır. Görülən işlərlə tanış olduqdan sonra İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat qarşısında çıxış etmiş, bəyanat vermişdir. Prezident keçən il Füzuli Hava limanının açılışını və bu il Zəngilan Hava Limanının açılışını məhz Rəcəb Tayyub Ərdoğanla birgə həyata keçirdiyini qeyd etdi. Bu da onu göstərir ki, hər iki qardaş ölkə bütün xoş günlərdə bərabərdir. Bildiyimiz kimi, artıq torpaqlarımızın işğaldan azad olunmasının ikinci ildönümüdür və belə önəmli bir gündə qardaş ölkənin Azərbaycanda-Zəngilan və Cəbrayılda olması xüsusi bir məna daşıyır.
Cənab Prezident iki il əvvəl Azərbaycan ordusunun şərəfli zəfər yolunu bir daha xatırlatdı və qeyd etdi ki, bu şanlı tarix hər iki ölkənin müştərək tarixidir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Rəcəb Tayyub Ərdoğan Azərbaycana öz dəstəyini ifadə edərək bildirmişdir ki, Azərbaycan tək deyil. Və bu dəstək, bu inam Azərbaycan ordusuna daha da güc verirdi.
Prezident çıxışı zamanı qeyd etdi ki, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa işləri aparılır. Həm də dəmir yolunun inşası, DOST aqroparkının açılışı bu bölgəyə olan sərmayələrdəndir. İlham Əliyev bərpa işlərində köməyinə görə Rəcəb Tayyib Ərdoğana öz təşəkkürünü bildirmişdir.
Bəyanatda cənab Prezident Zəngilan Hava Limanının açılışı barədə danışmış, bildirmişdir ki, Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Prezident işğal dövründə ermənilərin şəhərlərimizi, kəndlərimizi yerlə bir etdiyini və bunun səbəbini qeyd edərək bildirmişdir ki, ermənilərin məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Lakin düşmənlərimiz yanılmışlar. Çünki bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımız yenidən çiçəklənir, ağıllı kənd proyektləri həyata keçirilir, hava limanları açılır, dəmir yolları, körpülər tikilir .
Möhtərəm Prezidentimizin sözləri ilə desək: “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.” Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.
Biz ölkəmizin uğurlarına sevinirik, iki qardaş ölkənin atdığı və atacağı hər bir əhəmiyyətli addımı dəstəkləyirik.