Türkiyə və Azərbaycan əməkdaşlığı önəmli amilə çevrilmişdir
Nənəxanım Paşayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
"Suraxanı OYl Əməliyyat Şirkəti" - nin Ümumi işlər departamentinin Katiblik xidmətinin rəhbəri
Tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan 44 günlük İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son saatlarına qədər xalqımız Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın vək bütövlükdə qardaş ölkə xalqının dəstəyini hər addımda hiss etdi. Ali Baş Komandan İlham Əliyevin diplomatik uğurları, hərbçilərimizin fədakarlığı, xüsusi strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi böyük hərbi Qələbəni yaxınlaşdırdı. Bu qələbəyə həsr olunmuş Zəfər Paradında cənab Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı Türk xalqının, onun Prezidentinin hər an yanımızda və arxamızda olduğunu bir daha dünyaya çatdırdı.
2021ci il iyunun 15-də Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi isə iki dost-qardaş dövlətin arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirmək məqsədini daşıyırdı. Ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan - Türkiyə münasibətləri öz zirvəsinə yüksəldi və keyfiyyətcə daha yeni bir mərhələyə qədəm qoydu.
Bu gün regional məsələlərdə, hətta dünya səviyyəsində Türkiyə və Azərbaycan əməkdaşlığı önəmli amilə çevrilmişdir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. İki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri bütün dünyada dövlətimizin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Qədim neft diyarı Azərbaycanın, onun xalqının öz tarixi nailiyyətləri ilə bugünkü iqtisadi göstəriciləri ilə fəxr etməyə haqqı vardır.