Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Zaman keçdikcə bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. Bu əməkdaşlıq vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Xalqların inteqrasiyası, ümumtürk mövqeyi türk dünyasının daha da qüdrətli olmasına xidmət edir.
Türkdilli dövlətlərin siyasi, iqtisadi, mənəvi gücünü birləşdirməsi, bir təsisat altında fəaliyyət göstərməsi, eyni soydan olan xalqların həmrəyliyi qloballaşan yeni dünya düzəninin həqiqətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib və bu görüşdə türk birliyi üçün müstəsna əhəmiyyət daşıyan fikirlər səsləndirilib.
Prezident İlham Əliyev bildirib ki, bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”. Bu açıqlama türkdilli dövlətlərin sarsılmaz birliyinin davamlı olacağını və yeni əməkdaşlıqlarla zənginləşəcəyinin ali səviyyədə bəyanıdır.
Dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan siyasi, iqtisadi, ticari, mədəni və hərbi əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrə sahib olan xalqlarımızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb. Dünyanın yeni güc mərkəzi olan türk dövlətləri müxtəlif təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir və bu, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün yeni vasitəyə çevrilir. Bu təşəbbüslərin daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq.