Türk Dünyası siyasi-iqtisadi müstəvidə dünyanın diqqət mərkəzindədir

Türk Dünyası siyasi-iqtisadi müstəvidə dünyanın diqqət mərkəzindədir
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Türk dövlətlərinin bir-birinə əsrlər boyu mövcud olan tarixi, ortaq dil, din birliyi, oxşar mədəniyyət, vahid kök, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında əsas yer alır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Gücünü tarixdən alan ortaq dini mənəvi dəyərlərə malik Türk Dünyası siyasi-iqtisadi müstəvidə ortaq maraqlar göstərməklə dünyanın diqqət mərkəzindədir.
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında onuncu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir. Zirvə görüşünün çağırışı özündə bütün məqamları açıqlayır.
Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra daha da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir.
Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsində, 44 günlük İkinci Qarabağ müharibəsində, tarixi Zəfərimizdə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.
Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malik Azərbaycan - Özbəkistan münasibətləri son illər yüksələn xətlə inkişaf edir. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunub. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində yaradıcılıq mərkəzi inşa edilib.