Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə liderlərə bərpa prosesi ilə bağlı ətraflı məlumat verilib

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə liderlərə bərpa prosesi ilə bağlı ətraflı məlumat verilib

Gülnarə Mehtiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 318 nömrəli məktəbin  müəllimi

Artıq  2 ildir ki, Azərbaycan  xalqı  olaraq  torpaqlarımızın  işğaldan  azad  olunmasının sevincini  və  qürurunu yaşayırıq. 44 günluk  Vətən  müharibəsində  Prezident, Müzəffər  Ali Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi ilə  Rəşadətli  Ordumuz  torpaqlarımızı  işğaldan  azad  etdi, düşmənin  hərbi  birləşmələri  darmadağın  olundu. Bunun  nəticəsində  işğalçı  Ermənistan  məğlubiyyəti  etiraf  edərək  kapitulyasiya  aktına  imza  atmaq məcburiyyətində qaldı. İkinci Qarabağ Müharibəsi zəfəri böyük qələbə, ədalətin təcəssümüdür.

Post müharibə  dönəmində qarşıda  dayanan  əsas  vəzifələrimizdən  ən  əsası  olan  azad  olunmuş  ərazilərdə quruculuq  işlərinin  həyata  keçirilməsinin xeyli  hissəsini demək olar ki yerinə  yetirmişik. Prezident  İlham Əliyevin  işğaldan  azad  olunmuş  rayonlara  mütəmadi  səfərləri  xalqımız  tərəfindən böyük  ruh  yüksəkliyi  ilə qarşılanır. Azad  olunmuş  ərazilərdə  böyük  inkişafın təməlləri  çoxdan  atılmışdır. Məqsəd  yalnız  ölkə səviyyəsində  deyil, həm  də uğurlu  inteqrasiyaya  nail  olmaqla, regional  və  beynəlxalq  səviyyələrdə  inkişafı təmin  etməkdir. 30  ilə  yaxın  erməni  vandalizminə  məruz  qalan  torpaqlarımızda  artıq  canlanmanın  və məşskunlaşmanın  şahidiyik. Cənab Prezidentin  ilk  növbədə, Füzuli  rayonunda  Horadiz-Ağbənd  dəmir  yolu xəttinin  təməlini qoyması  buna  bariz nümunədir.  Bu  olduqca  əhəmiyyəti hadisədir. Sözügedən dəmir  yolu xətti  nəinki  ölkəmizin, həm də  bütün  regionun  gələcək  inkişafı  üçün  strateji  əhəmiyyət  daşıyır.

Ümumi  uzunluğu 100 km  olan bu nəqliyyat  infrastrukturu Azərbaycan  vətəndaşlarının  azad  edilmiş  torpaqlara  rahat  gediş-gəlişinin  təminatında  əhəmiyyətli  rol  oynayacaqdır. Ən əsası  isə  odur ki, bu  infrastruktur  Türkiyəyə  qədər  uzanmaqla  Bakı-Tbilisi-Ceyhandan  sonra  Azərbaycanı  qardaş  ölkə ilə  birləşdirən  ikinci  dəmir  yolu  şəbəkəsi  olacaq. Həmçinin  Azərbaycanın  əsas  hissəsi  ilə  Naxçıvan  Muxtar  Respublikası  arasında  birbaşa  əlaqənin  yaranmasına  böyük  töhfədir. Hesab edirəm ki, Azərbaycanın  uzun  illər  təhlükəsiz  tranzit  ölkə  kimi  qazandığı  nüfuz  və  maliyyə  resursları  ona  növbəti  mərhələyə  keçmək  imkanı  verəcəkdir.

Cənab Ali Baş Komandanın nəinki azad olunmuş ərzilərə səfərləri, eyni zamanda bütün xarici səfərlər hər bir azərbaycanlını qürurlandırır və əlamətdar hadisə kimi tarixin yaddaşına qeyd olunur. Belə səfərlərdən biri də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşüdür. Görüşdə çıxış edən cənab Prezident Qarabağda aparılan sürətli bərpa prosesinə toxunmuş qurulan infrastrukturun  bütün  Türk  dünyasını birləşdirməklə  yaxın  gələcəkdə  regionun  türkdilli  dövlətləri  arasında  dərin  iqtisadi-siyasi  birliyin qurulmasına  da  böyük  töhfə verəcəyini vurğulamışdır. Bu isə  böyük  bir  regionda  Azərbaycanın  strateji əhəmiyyətini  artıracaq, o  cümlədən  iqtisadi  potensialına  da  təkan  verəcəkdir.

İşğaldan  azad  olunmuş  ərazilərdə  quruculuq  işlərinin  aparılmasının  daha  bir  göstəricisi  isə  Qarabağda “ağıllı kənd”  layihəsinin  həyata  keçirilməsidir. Cənab Prezidentin də qeyd  etdiyi  kimi bərpa  olunacaq  ərazilərdə  müasir  iqtisadi  və  texnoloji  innovasiyaların  tətbiqi  daha  da  əlverişli  olacaqdır. “Ağıllı  kənd” layihəsi  Zəngilan  rayonunun  Ağalı  kəndində  ilk  dəfə  tətbiq  olunmuşdur. Başlanğıc  olaraq  inşa  edilmiş  200  evdən  ibarət  kəndin  enerjiyə  tələbatı  yalnız  alternativ  enerji  mənbələrindən  əldə  olunmuşdur. Bu  yolla  da ölkəmiz  daha  geniş  aspektdən  alternativ  enerjinin  tətbiqini  reallaşdırmış  oldu.

Qeyd etmək istəyirəm ki, Qarabağ  bölgəsində  həyata  keçirilən  faktiki  layihələr  bütün  ölkə  üçün  pilot  layihə kimi  baza  rolunu  öynayır. Bütövlükdə, bu layihələr  bölgənin  gələcək  inkişafına böyük töhfələr verəcəkdir