TARİXİ ZƏFƏRİN VƏ SARSILMAZ BİRLİYİN RƏMZİ

TARİXİ ZƏFƏRİN VƏ SARSILMAZ BİRLİYİN RƏMZİ
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru

Tarixə nəzər saldıqda görünür ki, dövlətlər arasında imzalanan bəzi sazişlər regional və beynəlxalq mənzərəni kökündən dəyişmək gücünə malik olur. Bu baxımdan xalqlarımızın gələcək taleyini müəyyənləşdirən Şuşa Bəyannaməsi də sadəcə hüquqi bir sənəd deyil, iki qardaş ölkənin birgə strateji addımıdır.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasındakı ikitərəfli münasibətləri keyfiyyətcə ən yüksək – strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu tarixi sənəd sadəcə siyasi bəyannamə deyil, həm də xalqlarımızın ortaq keçmişinə söykənən və gələcəyə mükəmməl yol göstərən strateji kompasdır.

Prezident İlham Əliyev sənədin tarixi əhəmiyyətini bu sözlərlə ifadə etmişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. 

XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. 

Şuşa Bəyannaməsi dərin rəmzi məna daşıyaraq düz yüz il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edir. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanması mərasimindəki çıxışında vurğuladığı kimi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Bu addım regiondakı revanşist qüvvələrə və onların arxasında duran dairələrə verilmiş qəti mesajdır: Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və hər bir təhdidə qarşı birgə addım atacaqdır.

Sənədin ən mühüm tarixi nailiyyətlərindən biri müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin rəsmiləşdirilməsidir. Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı üçüncü dövlət tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrin bir-birinə BMT Nizamnaməsinə uyğun olaraq zəruri yardım göstərməsi öhdəliyi təsbit edilmişdir. Eyni zamanda, xarici siyasət sahəsində ,eləcə də beynəlxalq platformalarda birgə çıxış etmək ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir və hər iki ölkənin iqtisadi qüdrətini artırır. Bəyannamə milli iqtisadiyyatın şaxələndirilməsi, regionda əlverişli investisiya mühitinin yaranması, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsini nəzərdə tutur. Həmçinin informasiya mübadiləsi, dezinformasiyaya qarşı birgə mübarizə hər iki ölkənin milli təhlükəsizliyini təmin edən vacib amillərdəndir.

Şuşa Bəyannaməsi Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması prosesində Türkiyə şirkətlərinin fəal iştirakını təmin edərək əməkdaşlığın yeni perspektivlərini açmışdır. Bu birliyin mütəmadi xarakter alması məqsədilə hər il 15 iyun tarixində Şuşada ənənəvi olaraq yüksək səviyyəli konfranslar keçirilir. 

Bugün, 2026-cı ilin iyun ayından geriyə baxarkən bir daha aydın olur ki, Şuşa Bəyannaməsi iki dövlətin sarsılmaz qardaşlığının əbədi sənədi olaraq gələcək nəsillərə ən böyük töhfədir.