Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, İkinci Qarabağ müharibəsi qazisi
Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ənənə halını alıb. Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirildi. Bu mühüm platforma xarici ekspertlərə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı və Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.
Prezident İlham Əliyevin hər bir çıxışında 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara xüsusi diqqət yönəldilir. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Yenilməz Ordumuz isə dünyada ən güclülərdən biri olduğunu təsdiqlədi. Prezident İlham Əliyev də beynəlxalq miqyasda təşəbbüskar dövlət başçısı kimi tanınır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Lakin Ermənistan ötən üç ildə sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə səy göstərmədi. Dövlətimizin başçısının Forumdakı çıxışında vurğulandığı kimi, imzalarına hörmət edəcəklərinə, uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlarına ümid edirdik. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Onlar müxtəlif səbəblərdən bunu etmədilər. Aparılan bir gündən də az lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik”.
Forumda ölkəmizin həyata keçirdiyi bərpa işləri yüksək dəyərləndirildi. ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza keçirdiyi xoş hissləri “Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq” fikirləri ilə ifadə etdi”.
Dünyanın müxtəlif dövətlərinin marağının Azərbaycana artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib.