Səmərqənd sammitinin uğurlu nəticələri
Sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub. Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı ilə Azərbaycanın geniş tranzit və nəqliyyat-logistika imkanlarına malik olmasını həm tədbir iştirakçılarının, həm də beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin ildə 25 milyon tona qədər artırılacağı qarşıya məqsəd qoyulub.
Son 20 ildə ölkəmizdə 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilməsi və ya əsaslı təmir edilməsi Azərbaycanın tranzit və nəqliyyatlogistika imkanlarının inkişafına xidmət edir. Həmçinin 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu da inşa edilir ki, bu da bu istiqamətdə həyata keçirilən işlərə böyük töhfədir. Bundan əlavə, Azərbaycan regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olan ölkədir. 2024-cü ilin sonuna qədər ölkəmizdə beynəlxalq hava limanlarının ümumi sayının 7-dən 9-a çatdırılması ölkəmizin bu sahədə də birinciliyini qoruyub saxlamasını şərtləndirəcək. Biz Azərbaycanın geniş nəqliyyat və logistika dəhlizləri sisteminin formalaşmasına əhəmiyyət verdiyini bilirik. Deyə bilərəm ki, Özbəkistan da ölkə iqtisadiyyatının yüksəlişində mühüm amil kimi nəqliyyat əlaqələrinin inkişafının tərəfdarıdır.
Bu gün Özbəkistanda ÜDM-in 6,4 faizi nəqliyyat xidmətlərinin payına düşür, ümumi investisiyanın 7,4 faizi və xidmət sektorunun demək olar ki, 30 faizi nəqliyyatın payına düşür. 2030-cu ilə qədər tranzit potensialının gücünü 4,4 dəfə artırmaq və bu rəqəmi 6 milyard tona çatdırmağı planlaşdırılır. Bu əsas seqmentdə ümumi maraqlara əsaslanaraq, nəqliyyat kommunikasiyaları sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan əməkdaşlığının gündəliyinin mərkəzində dayanır.
Oxşar coğrafi üstünlüklərə malik olan Azərbaycan Özbəkistanla birlikdə öz regionlarında əsas nəqliyyat qovşaqlarına çevrilmək potensialına malikdir. Trans-Xəzər dəmir yolu dəhlizi çərçivəsində ölkələrimiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz və daha geniş mənada Avropa və Asiya qitələri arasında “birləşdirici körpü” rolunu oynayır. Daşkənd və Bakı iki ölkənin qarşılıqlı yükdaşımaları və tranzit daşımaları potensialını artırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Xüsusilə, kənd təsərrüfatı məhsullarının emalı və ixracına yönəlmiş birgə aqrologostika klasterlərin yaradılması imkanları araşdırılır. Bu gün biz Özbəkistan mallarının dünya bazarına çıxışını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından məhsuldar və qarşılıqlı surətdə bəhrələnirik. Bildiyimiz kimi, Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Xəzər dənizinə qədər uzadılmasında maraqlı olduğunu bildirib ki, bu da Trans-Xəzər dəhlizinin tranzit imkanlarını xeyli artıracaq.
Türkmənbaşı beynəlxalq dəniz limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların artırılması, Zəngəzur dəhlizinin bərpası perspektivli görünür. Özbəkistan bu mühüm tranzit sahəsinin canlandırılmasında maraqlıdır və onu iqtisadi cəhətdən sərfəli və istisnasız olaraq bütün iştirakçılara fayda gətirəcək layihə hesab edir. Bu marşrutun açılması mübahisəli məsələlərin həlli üçün dayağa, iki xalqın dinc birgəyaşayışının təmin edilməsi və regionda davamlı sülhün bərpası amilinə çevriləcək. Bu layihələr üzrə əməkdaşlıq ölkələr arasında vahid nəqliyyat şəbəkəsinin yaradılmasına, Mərkəzi Asiya və Qafqazın bütün dövlətlərinin qlobal tədarük zəncirlərinə daha dərindən inteqrasiyasına və beynəlxalq yüklərin tranzitində fəal iştirakına xidmət edə bilər.