2022-ci ilin sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə yüksəlmiş Polad Şirinovun və Röyal Balaşzadənin anım günləri ilə əlaqədar 315 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, məktəbin direktoru Leyli Rüstəmova, məktəbin müəllim – şagird kollektivi, şəhid ailələrinin üzvləri, valideynləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində çıxış edənlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Tədbirdə şagirdlər tərəfindən Polad Şirinovun və Röyal Balaşzadənin xatirəsinə həsr olunan kompozisiyalar səhnələşdirilib, onları həyatından bəhs edən video-çarxlar nümayiş olunub, şəhidlərimizə, vətənə, qələbəyə həsr olunan şeirlər səsləndirilib.