Şəhid Osman Manafova həsr olunmuş “Unudulmayan Qəhramanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir

Şəhid Osman Manafova həsr olunmuş “Unudulmayan Qəhramanlar”  adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir

24 noyabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Şəhid Osman Manafova həsr olunmuş “Unudulmayan Qəhramanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədri Şükür Mustafayev, digər rəsmi şəxslər, Şəhidin döyüş yoldaşları, ailə üzvləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha Rejissoru Fəsi Əlioğlunun və ssenari müəllifi Pərvanə Rəsulzadənin olduğu “Unudulmayan Qəhramanlar” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Osman Manafovun təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar və  iş həyatı filmin əsas süjet xəttini təşkil etmişdir.

Filmin təqdimatından sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə olan qayğısından bəhs etmişdir. RİH-nin başçısı Osman Manafovun valideynlərinə təsəlli verib, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür edib. Əziz Əzizov Vətən müharibəsi şəhidi Osman Manafovun təkcə Suraxanı deyil, bütün Azərbaycan gəncliyinə nümunə olduğunu vurğulamışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov da Osman Manafovun əziz ruhunun daima qəlblərdə yaşayacağını bildirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri qeyd etmişdir ki, Osman Manafov və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.

“Şəhid Ceyhun Mustafazadə” adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədri Şükür Mustafayev çıxış edərək özünün də şəhid atası olduğunu və şəhidlərin təbliği üçün ictimai birlik yaratdığını bildirmişdir. Şükür Mustafayev 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonda çıxış edən Şəhid Osman Manafovun atası Natiq Osmanov göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdir