Suraxanı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəzəri-praktik seminar keçirilib
08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının icrası ilə bağlı müvafiq tədbirlər planına uyğun olaraq Suraxanı rayonu Qaraçuxur qəsəbəsində “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin müvafiq neft mədəni ərazisində mədən sularının və çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılması ilə bağlı nəzəri-praktik seminar keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının və “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən nəzəri-praktik seminarda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin vitse-prezidenti Elvin Ağayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi, ekokönüllülər, YAP Suraxanı rayon təşkilatının fəal gəncləri aktiv iştirak etmişlər.
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin vitse-prezidenti Elvin Ağayev nəzəri-praktik seminar zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsinə və Suraxanı rayon təşkilatının fəal gənclərinə mədəndə hasilat prosesi, neft mədəni ərazisində mədən sularının və çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılmasının ekoloji siyasətin əsas prioritetlərindən biri olması, neft mədənlərində ekoloji vəziyyətin dünəni, bu günü və gələcək perespektivləri ilə bağlı geniş məlumat vermişdir.