Noyabrın 9-da Suraxanı rayonunda Vətən Müharibəsi Qəhrəmanı Noçuyev Surxay Əbdül oğlunun şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyini qeyd ediblər.
Anım tədbirində xidməti dövründə S.Noçuyevin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müvafiq sərəncamlarla kapitan Surxay Noçuyevin ölümündən sonra ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” döyüş medallarının verildiyi xüsusi vurğulanıb.