Suraxanı rayonunda "Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilib

Suraxanı rayonunda "Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilib

Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta ümumtəhsil məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş "Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynova, məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevinc Hüseynova bildirmişdir ki, gənc nəsil, yetişməkdə olan övladlarımız Ulu Öndər Heydər Əliyevin xidmətlərini yaxından bilməli və öyrənməlidir. Sevinc Hüseynova onu da qeyd etmişdir ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev Ümummilli Liderin xilaskarlıq missiyasına diqqət çəkərək demişdir ki, Ulu Öndərin doğum günü həm də böyük el bayramıdır. Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki,  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirmişdir ki, dövlətçilik ənənələrinin davamlılığı yalnız mövcud siyasi kursun qorunması, saxlanması ilə deyil, həm də  onun günün tələblərinə uyğun şəkildə transformasiya olunması ilə mümkündür. Siyasi varislik yalnız mövcud siyasi və ideoloji sistemin ötürülməsi deyil, onun zamana, məkana, insana və vəziyyətə uyğunlaşdırılmasıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında müstəsna xidmətləri olmuşdur. Lakin birmənalı deməliyik ki, onun xalqı qarşısında ən böyük xidməti məhz ən layiqli davamçı olan Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yetişdirilməsi olmuşdur. Məhz cənab Prezident Ulu Öndərin ömrünün vəfa etmədiyi bir çox arzuları, xəyalları gerçəkləşdirmişdir.

Tədbir məktəbin müəllim-şagird kollektivinin hazırladığı nümunəvi çıxışlarla davam etmişdir.