Suraxanı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş viktorina keçirilib

Suraxanı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş viktorina keçirilib

“Bakı şəhəri 101 nömrəli tam orta ümumtəhsil məktəbi” publik hüquqi şəxsdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş viktorina keçirilib. Tədbir məktəbin tarix müəllimi İradə Bayramovanın təşəbbüsü ilə təşkil olunmuşdur.

Viktorinada 4 komanda 2 mərhələ üzrə bilik yarışında iştirak edib. Gərgin və maraqlı keçən yarışın yekununda iki komanda final mərhələsinə yüksəliblər. Final sualı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx əsasında təqdim olunub. Yarışın qalibi “Dəmir Yumruq” komandası olmuşdur.

Çıxış edən məktəbin direktoru, Xəyalə Əzizova bildirib ki, gənc nəslin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini dərindən öyrənməsi, milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, bu cür maarifləndirici tədbirlər şagirdlərin tarixə marağının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi rol oynayır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə öz növbəsində  vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət bu gün də uğurla davam etdirilir. Fərəh Məcidzadə xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği gənclərin milli ruhda yetişməsi istiqamətində mühüm amillərdən biridir.

Sonda qalib komanda və iştirakçılar təltif olunublar.