Suraxanı rayonunda “Qucaqla məni” tamaşasının premyerası keçirilmişdir
30 mart 2022-ci il tarixdə Qurban Abbasov adına Mədəniyyət sarayında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı Uşaq və Gənclər Teatrının birgə layihəsi olan “Qucaqla məni” tamaşasının premyerası keçirilmişdir. Tamaşanın təqdimatında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, digər rəsmi şəxslər, şəhid ailələri və qazilər iştirak etmişlər.
Premyeranı giriş sözü ilə açan Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru Azərbaycan Respublikasının Əməkdar Artisti İntiqam Soltan qonaqları salamlayaraq premyerası olacaq tamaşanın soyqırım qurbanlarının əziz ruhlarına ithaf olunduğunu bildirdi.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınların Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu bildirmişdir.
Daha sonra tamaşaya baxış olmuşdur. Aktyorların peşakarlığı, nümunəvi çıxışları zalda əyləşən tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdi. Tarix boyu bizlərə qarşı törədilmiş soyqırımlara həsr olunmuş əsər xalqımızın müdrik, dəyanətli və iradəli keyfiyyətlərindən bəhs etməkdədir.