Suraxanı rayonunda “Qadın Gülərsə, Bəşəriyyət Gülər!” adlı tədbir keçirilib
Suraxanı rayonunda “Qadın Gülərsə, Bəşəriyyət Gülər!” adlı tədbir keçirilib
5 mart 2026-cı il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP-ın Suraxanı rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təqdim etdiyi “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Qadın Gülərsə, Bəşəriyyət Gülər!” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qaya Məmmədov, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, Suraxanı rayonunun idarə, təşkilat, müəssisələrində fəaliyyət göstərən xanımlar – YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən oğul və qızlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq bütün xanımları “8 Mart - Beyəlxalq Qadınlar günü” münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və vurğulamışdır ki, müasir dövrdə qadın siyasəti və ictimai həyatda rolu müstəsnadır. Azərbaycan qadınlarının fəallığını artırmaq üçün dövlət səviyyəsində müxtəlif təşəbbüslər həyata keçirilir. Dövlət qadınların siyasətdə, biznesdə, elmdə, mədəniyyətdə və digər sahələrdə daha geniş təmsil olunmasını dəstəkləyir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini bu sahədə nümunə göstərmək olar. Onun təşəbbüsü ilə bir çox humanitar, təhsil və mədəniyyət layihələri həyata keçirilmiş, qadınların sosial rifahı yüksəldilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qeyd etmişdir ki, “8 Mart - Beynəlxalq Qadınlar Günü”nün ölkəmizdə hər il rəsmi bayram günü kimi qeyd edilməsi və həmin gün münasibəti ilə ənənəvi olaraq dövlət başçısının qadınları təbrik etməsi Azərbaycanda qadınlara verilən önəmin və bu sahədə aparılan siyasətin rəmzidir. Azərbaycanda qadın siyasətinin və qadınların yeni, parlaq inkişaf mərhələsi ulu öndər, ümummilli lider Heydər Əliyevin dövründə onlara verilən əhəmiyyətin yüksəlməsi və qadınların dövlət idarəçiliyində irəli çəkilməsi ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Xüsusilə qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə və dünyada müasir, vətənpərvər və inkişaf etmiş Azərbaycan qadınının təcəssümünə çevrilib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirdi ki, cəmiyyətimizin dəyərli varlıqlar olan qadınlara diqqəti, qayğısı hər zaman yüksək olmuşdur. Hazırda Azərbaycan qadınları parlamentdə, dövlət qurumlarında və biznes sektorunda daha geniş şəkildə təmsil olunurlar. Bununla yanaşı, elm, mədəniyyət, idman və sosial sferada da qadınlarımız öz bacarıqları və nailiyyətləri ilə ölkəmizi uğurla təmsil edirlər.
Milli Məclisin deputatı Qaya Məmmədov öz çıxışında dedi ki, Azərbaycan qadınlarının cəmiyyətdə fəal iştirakının təmin edilməsi və onların hüquqlarının qorunması istiqamətində atılan mühüm addımlardan biri Azərbaycan qadınlarının ilk qurultayı olmuşdur. Bu qurultay ölkədə qadın siyasətinin formalaşması və inkişafına zəmin yaratmış, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində vacib qərarların qəbul edilməsinə təkan vermişdir.
Şəhidi pilot Murad Məmmədovun anası Mürvət Məmmədova çıxış edərək bildirdi ki, dövlət tərəfindən şəhid ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğı göstərilir. Şəhid ailəsi olaraq həmişə dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik.
YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup qadın partiya üzvü “FƏXRİ FƏRMAN” və “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olunmuşdur. Daha sonra tədbir Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim-şagird kollektivinin nümunəvi çıxışları ilə davam etmişdir.