Suraxanı rayonunda "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir
18 aprel tarixində Suraxanı rayonundakı S.S.Axundov adına 172 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəyə həsr olunmuş “Bizim Böyük Qələbəmiz” adlı kitabın tanıtım mərasimi və Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir. S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova və UBTR Aysel Abbasovanın təşkilatçılığı ilə keçirilən tanıtım tədbirində Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, şöbə müdirləri Sevinc Ağayeva, Elmar Hüseynov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, birinci və ikinci Qarabağ Müharibəsinin, eləcə də Aprel döyüşlərinin qaziləri, şəhid ailələri, habelə məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tanıtım tədbirində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Bağırova qonaqları təqdim etdikdən sonra sözügedən kitabın azyaşlı məktəblilər üçün əhəmiyyətindən danışaraq 44 günlük Vətən Müharibəsinin xalqımızın tarixi qələbəsi kimi əbədi olaraq yaddaşlara həkk olunmasından, bu tarixin gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açdı. Daha sonra məktəblilər qələbimizə həsr olunmuş maraqlı konsert proqramı ilə çıxış etdilər. Alqışlarla müşayət olunan musiqili kompozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Çıxışçılar Vətən Müharibəsindəki tarixi qələbəmizdən, milli birliyimizdən, Ali Baş Komandanın müdrik siyasətindən söz açaraq şanlı qələbəmizdən qürur və iftixar hissi keçirdiklərini bildirdilər.
Tədbirdə çıxış edən qonaqlar tarixi qələbəmizin əldə olunmasına görə Azərbaycan Ordusuna və Ali Baş Komandana bir daha təşəkkür edərək, təqdimatı keçirilən kitabın Azərbaycan məktəbliləri üçün əvəzsiz hədiyyə olduğunu vurğuladılar.