Suraxanı Rayon İcra Hakimiyyətinin, Zığ Mədəniyyət evinin, Qurban Abbasov adına Mədəniyyət Sarayının, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin, İsabət Tədris Mərkəzinin və rayonun bütün uşaq bağçaları-körpələr evlərinin birgə təşkilatçılığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, şəhid və qazi övladları, eləcə də digər qonaqlar iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evlərinin hazırladıqları əl işləri ilə tanış olmuş və uşaqların təqdimatlarını dinləmişlər. Daha sonra Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan konsert proqramında rəngarəng çıxışlar nümayiş olunmuşdur.
Qeyd olunmuşdur ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınmışdır. Həmçinin, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Bildirilmişdir ki, Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərmiş, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. O, demişdir ki: "Uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın."
Eyni zamanda, ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı və onların bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmışdır.
Tədbirin sonunda sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılmışlar.