Azərbaycan və Macarıstan arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında
ortaq tarixi və mədəni dəyərlər, oxşar geosiyasi mövqelər və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq bu münasibətləri daha da dərinləşdirir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana etdiyi son işgüzar səfəri iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar bir daha göstərdi ki, Bakı və Budapeşt arasında münasibətlər sadəcə siyasi deyil, iqtisadi, enerji və mədəni sahələri də əhatə edən çoxşaxəli tərəfdaşlıq xarakteri daşıyır.
Prezident İlham Əliyevin Macarıstanda verdiyi bəyanatda ölkələrimiz arasında mövcud olan tarixi və geosiyasi oxşarlıqlar xüsusi vurğulandı. Hər iki dövlətin əhali sayı və ərazisinin ölçüsü yaxın, dənizə birbaşa çıxışı olmayan ölkələr olmaları, müharibə şəraitində olan qonşularla sərhəddə yerləşmələri bu paralellərin əsasını təşkil edir. Bu bənzərliklər, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Prezident Əliyev macar xalqının öz tarixinə bağlılığını yüksək qiymətləndirərək, bu bağlılığın azərbaycanlılarla ortaq dəyərlər üzərində qurulan dostluğa töhfə verdiyini bildirdi.
Prezident Əliyev çıxışında Azərbaycanın 2020-ci ildə apardığı və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquqa, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslandığını qeyd etdi. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi regionda yeni bir reallıq yaratdı. Müharibədən sonra sülh təşəbbüsünün də məhz Azərbaycan tərəfindən irəli sürülməsi bu reallığın davamıdır. Prezident bildirdi ki, sülh müqaviləsinin ilkin layihəsi Azərbaycan tərəfindən hazırlanıb və Ermənistan tərəfindən, bəzi dəyişikliklərlə də olsa, qəbul edilib. Lakin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də qalması və ATƏT-in Minsk qrupunun hüquqi ləğvinin baş verməməsi kimi əsas məsələlər hələ də açıq qalır.
Azərbaycan-Macarıstan münasibətlərinin ən dinamik sahələrindən biri energetikadır. Prezident Əliyev bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas neft və qaz layihələrində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında - pay sahibidirlər. Ölkəmiz artıq Macarıstana təbii qaz ixrac etməyə başlamış və bu istiqamətdə əməkdaşlıq davam edir. Azərbaycanın geniş qaz ehtiyatları və yeni yataqların istismara verilməsi fonunda bu əlaqələr daha da inkişaf etmək potensialına malikdir.
Eyni zamanda, yaşıl enerji sahəsində də ikitərəfli əməkdaşlıq genişlənir. Yaxın beş ildə Azərbaycanda 6000 meqavat gücündə yaşıl enerji istehsalının planlaşdırılması, bu sahədə Macarıstanla birgə layihələrin reallaşdırılması üçün imkanlar yaradır. Bu enerji planları Azərbaycana təqribən 3-4 milyard kubmetr qaz ehtiyatına qənaət etməyə şərait yaradacaq. Macarıstanın Türk Dövlətləri Təşkilatında fəal iştirakı, bu ölkənin türk dünyası ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirir. Prezident İlham Əliyev Macarıstanın təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü alqışlayaraq, bu təşəbbüsü ölkənin öz tarixi-mədəni köklərinə bağlılığının nümunəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, bu görüşlərin ilk təşəbbüskarı məhz Azərbaycan olmuş, Macarıstan isə bu ənənəni uğurla davam etdirir.
Səfər çərçivəsində Prezident Əliyev Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət aparan nadir ölkələrdən biri olduğunu vurğuladı. Baş nazir Viktor Orbanın Macarıstanın dövlət və milli maraqlarını həǝr şeydən üstün tutması, Al daxilində qəbul olunmuş prinsiplər fonunda bu siyasətin yürüdülməsinin böyük siyasi iradə və qətiyyət tələb etdiyini qeyd etdi. Bu nümunə Azərbaycanın da öz suveren qərarlarını müstəqil şəkildə verməsi baxımından təqdir olunur.
Prezident İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfər Azərbaycan-Macarıstan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Səfər çərçivəsində verilən mesajlar, aparılan danışıqlar və razılaşdırılan yeni əməkdaşlıq istiqamətləri bir daha sübut etdi ki, iki ölkə arasında tərəfdaşlıq yalnız keçmişə deyil, eyni zamanda gələcəyə hesablanmış güclü bir əməkdaşlıq modelinə çevrilməkdədir. Bu səfər nəticəsində əldə olunan razılaşmalar, təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional sabitliyin və iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edəcək.