SOCAR-ın Bolqarıstanda ofisinin açılması müzakirə olunmuşdur
Aynur Samiyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi
Fikrimcə, ölkəmizin son illərdə dünya miqyasında rolu daha da artır və mövqeyi güclənir. Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri məhz bunun xəbərçilərindən biridir. Müasir dövrümüzdə Azərbaycan və Bolqarıstan arasında son onilliklər ərzində təşəkkül tapmış geniş əlaqələr mövcuddur. Ölkələrimiz arasında siyasi, elmi, mədəni, texniki əlaqələr davamlı olaraq, sürətli şəkildə inkişaf etməkdədir.
Enerji təhlükəsizliyi məsələləri bütün dövrdə mühim olub. Lakin indiki şəraitdə daha daha çox əhəmiyyət kəsb edir. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəmli ölkədir. Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, məlum hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Artıq Avropanın daha 3 ölkəsi - Ruminya, Slovakiya, Macarıstan Bolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Azərbaycan uzun illərdir etibarlı bir tərəfdaş kimi neftini dünya bazarına ixrac edir. Bu gün isə təbii qazı ixrac edən ölkə olaraq bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Zənnimcə, bu layihə böyük tarixi önəmə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında vaxtı ikən imzalanmış enerji sahəsində tərəfdaşlıq haqqında Memoranduma əsasən, bu bir neçə ildə ölkəmiz Avropaya qaz ixracını ən az 2 dəfə artıracaq. Memorandumun imzalanmasında ölkəmizin xüsusi rolu vardır.
Azərbaycan ərazisində təsdiq olunmuş qaz ehtiyyatları 2,6 trilyon kubmetrdir və ölkəmizin bu cür geniş, çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bizə müraciət etmiş bir çox ölkələri təbii qazla təmin edək.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələlərdən biridir. Azərbaycan isə bu təhlükəsizliyin təmin olunması barədə öz üzərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirmişdir.
SOCAR-ın Bolqarıstanda ofisinin açılması Bolqarıstan Prezidenti Rumen Radevlə müzakirə olunmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, SOCAR-ın Bolqarıstanda açılmasının vaxtı gəlib və tezliklə bu həyata keçirələcək. Cənubi Avropada işləri bir mərkəzdən idarə etmək daha da rentabelli olacaqdır.
Bolqarıstan Prezidenti görüşdə qeyd etmişdir ki, Azərbaycan arzuolunan və etibarlı bir tərəfdaşdır. Hər iki dövlətin mövqeyi üst-üstə düşür və əməkdaşlığımız bir çox sahədə özünü göstərəcək. Deyə bilərəm ki, cari ildə tranzit yüklərinin həcmi təqribən 50 faizə yaxın artış göstərib. Gələcəkdə bu rəqəmin daha böyük olması gözlənilir. Məhz buna görə Azərbaycan və Bolqarıstan nəqliyyatçıları bir araya gələrək genişmiqyaslı əməkdaşlıq barədə danışıqlar aparacaq.
Prezident İlham Əliyevin Bolqarıstana bu səfəri ilə strateji tərəfdaşlıq bir daha təsdiq olundu. Birgə bəyannamə əməkdaşlığımızı təmin edən göstəricidir. Mən düşünürəm ki, bu əməkdaşlıq hər iki dövlətin uzun illər inkişafına və hərtərəfli mənfəətinə müsbət təsir göstərəcək. Qazandığımız nailiyyətlərə, xüsusən torpaqlarımızın işğaldan azad olunmasına əsasən bunu demək olar ki, bu gün bir çox ölkələr, dünyada müsbət imicə və nüfuza malik Azərbaycanla əməkdaşlığa üstün verir.