Sizə 44 gün boyunca hər saniyə, hər saat eyni döyüntü ilə çırpınan ürəklərdən danışım

Sizə 44 gün boyunca hər saniyə, hər saat eyni döyüntü ilə çırpınan ürəklərdən danışım
Zeynəb Əlizadə
YAP Suraxanı Rayon Təşkilatıının fəal üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Bəzi tarixlər var ki, onları sadəcə təqvimdə qeyd etmirsən — onları ürəyində yaşadırsan. 27 Sentyabr da xalqımızın yaddaşına qanla, qəhrəmanlıqla və Vətən sevgisi ilə yazılmış belə müqəddəs tarixlərdəndir. Bu tarix bizi otuz ilə yaxın davam edən ağır həsrətin, doğma torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın və 44 günlük Vətən müharibəsində yazılan şanlı Zəfərin yaddaşına aparır.
44 gün boyunca hər saniyə, hər saat eyni döyüntü ilə çırpınan ürəklərdən danışım... Bütün bir xalqın bir yumruq kimi birləşdiyi, cəbhədən gələn hər qələbə xəbəri ilə göz yaşlarının qürur damlalarına çevrildiyi o möhtəşəm günlərdən danışım.Prezidentimizin hər çıxışında xalqımıza aşıladığı böyük inamdan, verdiyi zəfər müjdələrindən və nümayiş etdirdiyi dəmir iradədən danışım...
Bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyildi. Bu, bir millətin milli qürurunun, mənliyinin və əyilməz ruhunun təntənəsi idi. Şuşada ucalan üçrəngli bayrağımız, Kəlbəcərdə, Laçında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Ağdamda bərpa olunan tarixi ədalətimiz idi. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığı qarşısında dərin ehtiram duyuruq. Çünki məhz onlar bizə bu qüruru yaşatdılar, Vətən tariximizin ən şanlı səhifələrini öz qanları və canları ilə yazdılar.
Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların müqəddəs amalını gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Paylaş