Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının istiqlal mübarizəsinin həm ən ağrılı, həm də ən şərəfli məqamıdır. Lakin bu qanlı faciənin baş verməsi qədər, ona verilən siyasi-hüquqi qiymət məsələsi də tariximizin mühüm bir kəsiyini təşkil edir. Uzun müddət imperiya rəhbərliyi və yerli hakimiyyət orqanları tərəfindən ört-basdır edilməyə çalışılan bu cinayətin ifşa olunması və dövlət səviyyəsində rəsmi status alması yolu Naxçıvandan başlayaraq Milli Məclisədək uzanan böyük bir mübarizə yoludur.
20 Yanvar qırğını törədilən zaman Azərbaycan tam bir təcrid vəziyyətində idi. Sovet ordusu dinc əhaliyə qarşı ağır texnikadan istifadə edərək 147 nəfəri şəhid etmiş, yüzlərlə insanı yaralamışdı. Bu dəhşətli hadisədən dərhal sonra həm SSRİ, həm də respublika rəhbərliyi günahı xalqın üzərinə yıxmağa və baş verənləri "ekstremist qrupların zərərsizləşdirilməsi" kimi qələmə verməyə çalışırdılar. Belə bir ağır şəraitdə, faciənin ertəsi günü — yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirməsi, tarixi ədalətin bərpası yolunda atılan ilk və ən böyük addım oldu. O, bu terror aktını insanlığa və demokratiyaya sığmayan bir cinayət adlandıraraq, mərkəzi rəhbərliyi və yerli hakimiyyəti birbaşa ittiham etdi. Lakin Bakıdakı rəsmi dairələr hələ də susur və ya Kremlin diktəsi ilə hərəkət edirdilər.
Tarixi ədalətin bərpası istiqamətində növbəti və daha rəsmi mərhələ Naxçıvanda başladı. Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə dair tarixi qərar qəbul etdi. Bu, Azərbaycan ərazisində bu qanlı hadisələrə verilən ilk rəsmi siyasi-hüquqi qiymət idi. Qərarda 20 Yanvar hadisələri Azərbaycanın suverenliyinə qarşı qəsd və xalqa qarşı törədilmiş kütləvi terror aktı kimi xarakterizə olunurdu. Heydər Əliyev Naxçıvandan səslənərək Azərbaycanın Ali Sovetini də bu cür cəsarətli addım atmağa və faciəyə respublika səviyyəsində qiymət verməyə çağırdı. Lakin o zamankı iqtidar və sonrakı illərdə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi bu mühüm məsələni siyasi oyunların qurbanına çevirərək, uzun müddət lazımi addımı atmadılar.
Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra da 20 Yanvar hadisələrinin əsl mahiyyətinin açılması və günahkarların adbaad müəyyən edilməsi istiqamətində boşluqlar qalırdı. Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələ dövlət siyasətinin ana xəttinə çevrildi. 1994-cü il yanvarın 5-də Prezident Heydər Əliyev 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi və hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi haqqında fərman imzaladı. Bu fərmanın ardınca, 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən tarixi bir qərar qəbul edildi. Bu qərarla 20 Yanvar hadisələri dövlət səviyyəsində "totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət" kimi rəsmiləşdirildi.
Bu qərarla təkcə hadisənin mahiyyəti müəyyən olunmadı, həm də faciəyə yol açan siyasi səbəblər, hərbi hazırlıq prosesi və icraçıların məsuliyyəti konkret sənədlər əsasında təsdiq edildi. Beləliklə, Naxçıvanda başlayan ədalət mübarizəsi ölkənin ali qanunverici orqanında öz məntiqi yekununa çatdı. Naxçıvandan Milli Məclisədək gedən siyasi qiymət yolu Azərbaycan xalqının öz tarixinə sahib çıxma yoludur. Əgər 1990-cı illərdə Heydər Əliyevin siyasi cəsarəti olmasaydı, 20 Yanvar hadisələri tarixin tozlu rəflərində sadəcə bir "iğtişaş" kimi qala bilərdi.
Bu gün suverenliyi tam bərpa olunmuş Azərbaycan Respublikası 20 Yanvar şəhidlərinin ruhunun ən böyük şahididir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə Azərbaycanın hər bir qarışında dövlət bayrağının ucaldılması, 1990-cı ildə Naxçıvandan başlanan ədalət mübarizəsinin tam qələbəsidir. 20 Yanvar artıq sadəcə bir hüzn günü deyil, bizi zəfərə aparan milli qürur yolunun təməl daşıdır.