Sağlam Dialoq - Demokratik Dəyərdir

Sağlam Dialoq - Demokratik Dəyərdir
Əminə Əliyeva 
YAP-ın könüllüsü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Ölkənin siyasi sisteminin sağlam əsaslarla qurulması üçün müxalifətin əhəmiyyəti böyükdür. Bu xüsusda öz çıxışlarının birində bu məsələ ilə bağlı fikir bildirən cənab Prezident İlham Əliyev siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir etmişdir. Ölkə başçısının bildirdiyi kimi müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədikləri çatışmazlığı görə bilərlər .Onlar bir sıra belə məsələləri diqqətə çatdırırlar, dilə gətirirlər ki, bu müsbət hal kimi nəzərə alınmalıdır. Lakin bir məsələ də var ki, ölkə ərazisindəki bütün siyasi qüvvələr bir amal ətrafında birlik nümayiş etdirməlidirlər - bu bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarımızdır.
Prezidentin 2020 ci il oktyabr ayının 22-də Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibədə də bu məsələyə toxunulmuşdur: "Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var. Hökümətlə müxalifət arasında, həmçinin aparıcı partiya ilə digər partiyalar arasında sivil münasibətlərə ehtiyacımız var." Həmçinin qeyd edək ki, BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas zamanı da çıxış edən ölkə başçısı bir daha bu kimi məsələlərə aydınlıq gətirərək ölkəmizdəki siyasi vəziyyətlə bağlı inamını ifadə etmişdi: "Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında böyük əhəmiyyətə malik olacaqdır."
Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, bizim ölkə olaraq bir ümumi məsələmiz var. O da Qarabağ məsələsidir. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumiyyətlə, ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır və bu da ölkəmizin güclənməsi deməkdir!
Qeyd edək ki, bu müstəvidə yeni qanun qəbul edilmişdir. "Siyasi partiyalar haqqında" yeni Qanun əsasən siyasi proseslərdə iştirak edən tərəflər arasında güc tarazlığının qorunmasına xidmət edir. Həmçinin öz növbəsində Yeni Qanun siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəvisinə çıxardan ali siyasi iradənin təzahürü kimi çıxış edir.
Ümumiyyətlə, dialoq mühitinin əsas tələblərindən biri siyasətdə açıq münasibətlərin bərqərar olmasıdır. Diqqətə çatdırmalıyıq ki, ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanun hazırlanarkən siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb edilmişdir. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın müraciətləri isə bir daha demokratik prinsiplərin əyani göstəricisidir.
Yaradılan belə siyasi dialoq mühiti, siyasi partiyaları cəmiyyətlə daha da yaxın edir. Həmçinin siyasətdə dialoq mühiti, öz növbəsində demokratik dəyərin göstəricisi kimi də çıxış edir. Qeyd edilməlidir ki, elə ölkə başçısının bu xüsusda təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşməsinə xidmət edir. Dialoq prosesi keyfiyyət etibarı ilə də yeni və fərqli müstəvidə inkişaf edir. Ölkəmizdə həyata keçirilən dialoq siyasətinin məzmunu transformasiyaya uğrayaraq siyasi dəyər kimi göstərici formatından çıxaraq demokratik münasibətləri şərtləndirən işlək mexanizm formatına qədər dəyişiklik görmüşdür.
Həmçinin, son olaraq bir məsələyə də toxunnaq ki, durğunluq dövrünü yaşayan zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilmişdir və onların ölkənin siyasi sistemdə iştirakı artıq mümkünsüzdür. Siyasi dialoqla bağlı təşəbbüsləri inkar edən, ölkədə gedən bu proseslərdə iştirakdan qaçan qüvvələr öz radikal və xain mövqelərini ortaya qoymuş olurlar. Belə qərəzli münasibət, xarici qüvvələrin marağına xidmət etməyin təzahürü kimi özünü göstərir. Elə "Siyasi partiyalar haqqında" yeni Qanunun özü məhz xarici qüvvələrin maraqlarına xidmət edən həmin radikalların bir növ "qara kabusuna" çevrilmişdir.
Son olaraq qeyd edək ki, rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Bu baxımdan, açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialın səfərbər olmasına xidmət edir.