Şəhidlər ölməz, Vətən bölünməz!
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri
20 Yanvar 1990-cı il qan yaddaşımızdır! Bu il 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. Çoxlarının xatirəsində bu müdhiş gecə-19 yanvardan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi cinayət və bu cinayətin günahkarları Sovet İmperiyası olaraq qalır. Bu günün şahidi isə bizlər idik.
Yaxşı xatirimdədir, həmin gün, günortadan səs gücləndirici alətlərlə o vaxtkı Azərbaycan Xalq Cəbhəsi əli yalın xalqı küçələrə çıxmağa səsləyirdi. O zaman mənim 16 yaşım var idi və bu yaş dövrü üçün belə ağır faciənin şahidi olmaq çox sarsıdıcı idi. Belə ki, insanlar yollara çıxaraq, onları qarşıda belə dəhşətli faciənin gözləyəcəyini bilmirdilər. Lakin bu faciəni öncədən planlaşdıran xəyanətkar Sovet İmperiyasının başçısı Mixail Qorbaçov idi. Həmin gecə Bakı küçələri, xəyanətkarların öz dili ilə desək, “Bakı əməliyyatına” məruz qaldı. Cavan, qoca, uşaq bilmədən bu qanlı cinayəti törədib, hər yeri qan gölünə döndərdilər. Dinc əhalini ağır texnikalardan, müxtəlif tipli silahlardan güllə yağışına tutdular. Hətta eyvanlara çıxanlara belə, güllələr yağdırmışdılar.
Həmin gecə çox evlərin, ocaqların işığı söndü. Məktəbli Larisanın milliyyəti rus olsa da, heç bir günahı yox idi. İlham və Fərizənin nakam ailə həyatları yarımçıq qaldı. Bir çox analar həmin gecə həsrətlə oğul yolu, bir çox gəlinlər ər, bir çox uşaqlar ata yolu gözlədilər. Təsadüfən küçəyə belə çıxanlar, geriyə qayıtmadı.
Deyilənə görə, həmin gecə doğum evlərində doğulan uşaqların çox faizi oğlan uşaqları idi. Sanki biz küllərindən doğulanlar idik. Tanrı o gecə şəhid olanların əvəzinə o oğulları Azərbaycan dövlətinə sanki bir pay verirdi. Çünki illərdən sonra, həmin ildə doğulan balalar, torpaqları azad edəcəkdi.
Həmin cinayət törədildikdən sonra xatirimdədir səhər saat 05:30-da radio vasitəsi ilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət elan olunduğunu rəsmi açıqlamışdı.
20 Yanvar hadisələrindən sonra, 70 il sədaqətinə inandığımız Sovet İmperiyası bizlərin gözündə öz nüfuzunu itirdi və eyni zamanda məhv oldu. Həmin dövrdə cəsarətli bəyanatla çıxış edən ilk insan Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, O, Moskva şəhərində yaşayırdı. Onun bu hərəkəti özü və ailəsi üçün təhlükəli idi. Amma buna baxmayaraq Ulu Öndər hər şeydən öncə hər dövrdəki kimi Vətənini və xalqını düşündü. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyini tənqid edərək rəsmi açıqlama tələb etmişdi. Bütün bu hadislərdən sonra 70 il müstəmləkə altında olan xalq sanki yuxudan ayıldı. Öz Sovet pasportuna od vurub yandıran insanlar bütünlükdə Azərbaycan tarixində SSRİ-yə son qoydular. Bununla da Azərbaycanda Sovet dövrü bitdi.
Əslində bu faciədən sonra bizim milli kimliyimiz formalaşdı. Biz bu haqsızlıqdan böyük dərs aldıq. Bununla da müstəqil Azərbaycanın təməli qoyuldu. Bu təməl Heydər Əliyev siyasəti ilə başladı və uğurla onun siyasi varisi tərəfindən davam etdirilir. Belə ki, müstəqil dövlətin milli kimliyi, bayrağı rəmz və atributları, himni özünə qayıtdı. Bütün bunlar daha da irəli gedərək, cənab İlham Əliyev müstəqil dövləti mükəmməl idarə etməsi nəticəsində istər xarici, istərsə də daxili siyasətdə irəli çəkdi və “Böyük qayıdış”a zəmin yaratdı. O “Böyük qayıdış” bu gün işğaldan azad olunmuş torpaqlarda, öz töhfəsini verir.
Dövlətimiz tərəfindən heç bir şəhid və şəhid ailələri unudulmur, hər zaman, hər il ehtiramla anılır. 20 Yanvar ölkəmizdə, il təqvimimizdə Milli Hüzn Günü elan olunmuşdur. Bu gün yüzlərlə, minlərlə Azərbaycanlı həmin o müdhiş gecənin qurbanı olan şəhidləri, dərin hüznlə anırlar.
Ölkəmizin tarixində unudulmaz səhifə açan bu gündə 1990-cı ilin şəhidləri Çəmbərəkənd qəbristanlığındakı şəhidlərə qovuşmuşlar. İkinci Qarabağ müharibəsindəki şəhidlər isə qalibiyyət müjdəsi ilə 1990-cı ilin şəhidlərinin ruhları ilə görüşmüşlər.
Bütün şəhidləri andıqca, hər il dövlətin diqqət və qayğısını gördükcə, insanların ehtiramının şahidi olduqca, düşünürəm ki, doğrudan da şəhidlər ölmür, vətən bölünmür!