Şəhid Səbuhi Orucovun doğum günü 9 il təhsil aldığı 232 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib
Yanvarın 16-də Vətən müharibəsinin şəhidi Orucov Səbuhi Vahid oğlunun doğum günü münasibətilə məzun olduğu 232 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib.
Dövlət himninin səsləndirilməsi və vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov və Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Şəhidin doğmaları, Şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin müəllim-şagird kollektivi tədbir iştirakçılarına Şəhid Səbuhi Orucova həsr olunmuş ədəbi-bədii kompozisiya və səhnəciklər təqdim etmişlər.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov Şəhidin ailəsinə bir daha başsağlığı verərək, Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan ehtiramının hamı üçün etalon olduğunu vurğulamışdır. Yerli təşkilatın sədri məktəblərdə şəhidlərlə bağlı tədbirlərin keçirilməsinin onların ruhlarının yaşadılması nöqteyi nəzərindən böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
Həmçinin, Şəhidimizin anası Narınc xanım Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dərin minnətdarlığını ifadə edib.