Şəhid ailə üzvləri və qazilərlə görüş keçirilmişdir
25 dekabr 2025 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Suraxanı rayonunda yaşayan bir qrup Şəhid ailə üzvləri və qazilərlə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə ənənəvi çay süfrəsi ətrafında növbəti görüş keçirilmişdir.
Görüş zamanı çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görüş iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edərək dedi ki, 2025-ci il xalqımız və dövlətimiz üçün çox uğurlu il olmuşdur. Yerli təşkilatın sədri əmin olduğunu bildirdi ki, Müzəffər Ali Baş Komandan, müdrik lider cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz öz tarixinin qızıl dövrünü yaşamağa davam edəcəkdir.
Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid ailə üzvü, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsibə Əliyeva çıxış edərək bildirdi ki, YAP Suraxanı rayon təşkilatı I və II Qarabağ müharibələrində şəhid olanların ailə üzvləri, qazilər, veteranlarla sosial işi daim diqqətdə saxlamış və həssas təbəqədən olan insanlara qarşı xüsusi qayğı ilə yanaşmışdır.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası, YAP Suraxanı rayon təşkilatının “Tərəqqi” medallı fəal üzvü, ictimai fəal, Lalə Rəhimova çıxış edərək, əldə edilən qələbənin milli birliyimizi daha da möhkəmləndirdiyini bildirdi. Milli Qəhrəman anası dövlətin hər zaman öz şəhidinin yanında olduğunu bildirdi.
Şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov çıxış edərək görüş iştirakçılarını təbrik etmiş və qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də xalqımızda milli ruhu yenidən oyatması olmuşdur. Şəhidlərimiz də dövlət başçısının formaşdırdığı məhz bu milli ruhla öz canlarını Vətənə qurban vermişdirlər.
Görüş səmimi mühitdə, çay süfrəsi ətrafında davam etmişdir.