Şəhid əsgər Muxtar Qasımlının və əsgər Orxan Qəhrəmanovun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib
30 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Vətən Müharibəsi şəhidləri - əsgər Qasımlı Muxtar Əli oğlunun və əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidlərin doğmaları iştirak etmişlər. Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev və digər rəsmi şəxslər şəhidlər - əsgər Qasımlı Muxtar Əli oğlunun və əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun ailələrinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hər iki şəhidimizin əziz xatirələrini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid əsgər Qasımlı Muxtar Əli oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə, şəhid əsgər Qəhrəmanov Orxan Səlvər oğlu isə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.
Göstərilən diqqət və qayğıya görə hər iki şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.