QÜDRƏTLİ DÖVLƏTİN PARLAQ ŞƏXSİYYƏTİ

QÜDRƏTLİ DÖVLƏTİN PARLAQ ŞƏXSİYYƏTİ

Çinarə Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin kitabxana müdiri

Azərbaycan­çılıq – Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır ki, Azərbaycanın Ümummilli lideri, Ülu öndər Heydər Əliyev bütün şərəfli və mənalı ömrünü bu müqəddəs və ali məqsədə həsr etmişdir.

Dövlət – bəşəriyyətin mövcud olduğu tarix boyu kəşf etdiyi nadir təsisatdır. Müxtəlif xalqlar dövlətlərini müxtəlif vaxtlarda yaratmışlar. Dövlətlərin yaranması və inkişaf tarixi çox cətinliklərdən keçir. Onlar təşəkkül, çiçəklənmə və tənəzzül formalarını yaşayırlar. Bütün bu proseslərdən önəmli olan bir cəhət var. Bu həmin proseslərin bir fundamental amilidir, “dövlət və lider” faktoru ilə bağlı olmasıdır.

Ümumi qənaətə görə, məhz XX əsrdə “ dövlət” və “şəxsiyyət” anlayışları bir simada – “milli lider” simasında cəmlənmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Biz qətiyyətlə deyə bilərik, milli dövlət və milli lider yeni epoxanın fenomenidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir.

«Xalqımız qədim xalqdır, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük  şöhrətə malik olduğunu nə qədər xalqımıza dərindən çatdıra  bilsək, bir o qədər də xalqımızın həqiqi vətənpərvərlik hissini, azərbaycançılıq hissini yüksəldirik». Bu sözlər Azərbaycan xalqının Ümumilli lideri Ulu öndər Heydər Əliyevə məxsusdur.

Böyük dövlət xadimi, təcrübəli siyasətçi, alovlu vətənpərvər olaraq o, yaxşı anlayırdı ki, 100 illər boyu başı bəlalar çəkmiş, böyük dövlətlər tərəfindən parçalanmış, ayrı-ayrı  imperiyaların işğalına məruz qalmış Azərbaycanı yaşadan vacib və  zəruri amil xalqımızın mədəniyyəti, onun dili, milli-mədəni sərvətləri incəsənətidir. Heydər Əliyev istər dünyaya meydan oxuyan sovetlər birliyi dönəmində, istərsə də parçalanmaqdan və xaosdan xilas etdiyi müstəqil Azərbaycan Respublikasına başçılıq etdiyi illərdə bu prinsipə daim sadiq qalmış, onu özünün çoxtərəfli fəaliyyətinin rəhbər müddəasına  çevirmişdir.

Heydər Əliyevin  siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Bütün həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu  böyük  məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən  ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

İllər keçdikcə Azərbaycan xalqının bu ölməz oğlu, ümumbəşər tarixinin dahi şəxsiyyəti, onun siyasi və mənəvi örnəyə çevrilmiş ləyaqətli həyat yolu, tarixi əhəmiyyət kəsb edən böyük xidmətləri zamanın sınağından çıxmış strateji xətti daha aydın görünərək insanları, bütün bəşəriyyəti daim heyrətdə qoymaqda davam edir.

Danılmaz bir  həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu öndər Heydər Əliyevin şərəfli adı  ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur.

Mübaliğəsiz demək olar ki, Ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.