Günel Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
1993-cü il Qubadlının Ermənistan tərəfindən işğalınadək 94 kəndi olmuşdur. İşğala qədər Qubadlının Ermənistan Respublikası ilə 120 km-lik sərhəd zolağı var idi. Qarabağ münaqişəsi başladığı vaxtdan Qubadlı təcavüzün, erməni terrorunun obyektinə, qaynar nöqtəsinə çevrildi. 1988-ci il fevral ayının əvvəllərindən Ermənistandan azərbaycanlılarının deportasiya edilməsinə başlandı və ilk dəhşətli qaçqın dalğası Qubadlıdan keçdi. Sisiandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən soydaşlarımızı qubadlılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən təcavüzkar qüvvələr Qubadlıda terror-təxribat əməlləri törədərək Dağlıq Qarabağla onun ərazisində keçid yaratmaq, dəhliz açmaq, buradan silah-sursat daşımaq istəyirdilər. Buna görə də bütün mübarizələrə baxmayaraq Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
XIX əsrdə Qubadlıda 220-dən artıq kənd olmuşdur. XX əsrin əvvəllərində bölgədə baş verən proseslər nəticəsində bu kəndlərin bir çoxu digər kəndlərə köçürülmüşdür.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli çay, Şəki çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da var idi. Qubadlıda "Qubadlı yasaqlığı" deyilən dövlət yasaqlığı da var idi ki, bu ərazi Kiçik Qafqazın cənub şərqində, Qubadlı və Laçın rayonlarının ərazisində idi. Sahəsi 20 min hektar olmuşdur. 1969-cu ildə cüyür, çöldonuzu, qırqovul və s. heyvanları mühafizə etmək məqsədi ilə təşkil olunmuşdu.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozulması nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanılmışdır. Bu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədini daşıyırdı.
Düşmən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Respublikanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək birlik və həmrəylik nümayiş etdirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəklikləri götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Azərbaycan Silahlı Qüvvələri hücum templərini artırmaqla Qubadlı rayonunun daha sürətlə azad edilməsi üçün münbit şərait yaratmışdı. Ordumuz bundan kifayət qədər ustalıqla yararlandı.
Döyüş əməliyyatları nəticəsində 9 noyabradək Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarından təmizlənərək Azərbaycana qaytarıldı. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Qubadlıya dəfələrlə səfər etmiş və baş verən yeni prosesslərdə yaxından iştirak etmişdir.