Qazaxıstanın Azərbaycana hədiyyəsi işğaldan azad edilmiş Füzuli şəhərində tikiləcəkdir
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət daşıyır. Prezidentlər arasında imzalanmış sənədlər göstərir ki, iki ölkə arasında əlaqələrin həm iqtisadi həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, strateji tərəfdaşdır, müttəfiqləridir.
Əldə etdiyimiz tarixi Zəfərimizdən sonra da Qazxaıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində də Qazaxıstan təmsilçiləri xüsusi mövqe tutur. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın bir nümunəsidir.
Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. Ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi çox vacib məsələlərdən biridir.
Beynəlxalq səviyyədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.
Azərbaycan və qazax xalqı əmindir ki, iki türk dövlətinin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcək, münasibətlər ən yüksək həddə qalxacaq, mədəniyyət, ticarət, nəqliyat və logistika, informasiya-kommunikasiya və digər sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Biz iki qardaş xalq çox əminik ki,belə bir yüksək səviyyəıi görüşdən sonra ən qısa zamanda iki dövlət rəhbərinin də şəxsi nəzarəti altında qarşıya qoyulan məqsədlərə nail olunacaq.